27.05.2021
Tarixi araşdırmalar göstərir ki, XX əsrin əvvəllərindən Gürcüstan azərbaycanlıları arasında təhsil dini təhsil olaraq qalmışdı. Həmin təhsil ocaqları dini və dünyəvi təhsilin elementlərini birləşdirən təhsil ocaqları idi.
Hələ 1896-cı ildə Bolus-Kəpənkçidə məktəb açılması ilə bağlı kənd camaatı hökm çıxarmışdır.
Həmin dövrlərdə inzibati, mədəniyyət və maarif mərkəzi olduğuna görə ruhani idarələri də Tiflis şəhərində yerləşirdi. Bölgələrdə məscid məktəbləri (“əlliyə” və “öməriyyə” məktəbləri) fəaliyyət göstərirdi. Bu məktəblərdən biri də Bolus-Kəpənəkçidə ev şəraitində sünni məscid məktəbi (“öməriyyə) tipində şəxsi mollaxana kimi təşkil edilmişdir.
1905-ci ilin məlumatına görə Borçalı qəzasının Bolus-Kəpənəkçi kəndində rəsmi olaraq yalnız bir məscid məktəbi fəaliyyət göstərirdi ki, burada 6 (altı) şagird oxuyurdu və bir molla dərs deyirdi.
Bu məktəbin büdcəsi olmayıb, valideynlərin könüllü ianə yardımları sayəsində fəaliyyət göstərirdi. Məktəbdə həm əlifba, sonra da Quranın oxunuşu öyrədilir, fars dili və ədəbiyyatı, ərəb dilinin sərf-nəhvi ilə tanışlıq aparılırdı.
1917-ci ildə kənddə ilk dünyəvi məktəb açılır. Bu məktəbə Seyfulla Əlizadə müdir-müəllim təyin edilir.
O əslən Faxralıdan idi. Tiflisdə yaşayırdı, müsəlman məktəbləri inspektoru Mirzə Rza Əlizadənin əmisi oğlu idi.
1918-ci ildə Demokratik Gürcüstanda azərbaycanlıların təhsilinin yeganə tipi ibtidai xalq məktəbi və onun da ən çox yayılmış pilləsi aşağı dərəcəli ibtidai məktəb idi. Qeyd etmək yerinə düşər ki, həmin dövrdə məktəblər üç pillədən ibarət idi:
Bolus–Kəpənəkçi ibtidai məktəbində Ana dili, Hesab və təcrübi Həndəsə, Təbiət, Vətəni Öyrənmə və Coğrafiya, Tarix, Fiziki məşq (Gimnastika), Nəğmə, Rəsmxətt, Əl işi fənləri keçirilirdi.
Tədris Azərbaycanərbaycan dilində aparılır, Azərbaycan dili əsas fənn kimi tədris edilirdi. İlk vaxtlar məktəbdə Azərbaycan dilini Alı Molla Alızadə, Kərim İsmayılov və Seyfulla Əlizadə tədris etmişlər.
1925-26-cı dərs ilində Bolus-Kəpənəkçi dördillik məktəbində 3 qrup fəaliyyət göstərirdi. Ι qrupda – 27, ΙΙ qrupda – 12, ΙΙΙ qrupda isə 6 şagird oxuyurdu.
1926-cı il fevralın 22-də Borçalı qəza xalq təhsili şöbəsinə təqdim edilmiş hesabatda Mustafa Qazızadə (Veysəlzadə - Əfəndiyev) “ortabab” (posredstvennıy) müəllim kimi qiymətləndirilmişdir.
1928-ci il ssentyabrın 1-dən etibarən Hüseynqulu Orucov (27 yaş) və Əmiraslan Əliyev (22 yaş) məktəbə müəllim təyin edildilər.
1930-cu il yanvarın 1-dən etibarən məktəbdə yeni əlifbaya (türk) keçirilməsi barədə qərar çıxarılır.
İstər dini, istərsə də dünyəvi təhsilin inkişafında şagirdlərin məktəbə cəlb olunmasında kəndin açıq fikirli ziyalıları və ağsaqqalları fəallıq göstərmişlər. Onlar öz yurddaşlarına savad öyrətmək qayğısına qalmış, uşaqların eləcə də yaşlıların yazıb oxumağı bacarmaları üçün qüvvələrini əsirgəməyib, əllərindən gələni etmişlər.
El ağsaqqalı, maarifpərvər ziyalı Emin Ağa Hacallı “Bəsdi, Oyan!” adlı məzmun hekayəsində yazırdı: “Tezliklə məni molla Məmməd Yadigar oğlunun yanına oxumağa qoydular, çünki Quranın ev oxusunu mən daha qurtarmışdım, ədəbiyyatımızdan nələrisə bilirdim. Molla yanında üç ilə yaxın qaldım, sonra mənimlə müffi Hacı Həmid Əfəndi məşğul oldu, o, üç ildə mənim təhsilimi qurtardı və məni Qurana elə belə yox, əsaslı bələd olan xeyirxah müsəlman elədi.”
Həmin əsrdə Emin Ağa “elmə səy et millət üçün”, “yatanlar gözünü açsın”, “eşidin, ay İnsanlar, elmsiz adam şəxs deyil”, “İnsana fərzdir üç şey: elm, ədəb, peşə” kimi tərbiyəvi deyimlərdən istifadə edərək əhalini maariləndirməyə çağırmışdır.
Bolus-Kəpənəkçidə məktəbin açılmasında kənd camaatı çox fəal iştirak etmişdir. Arxiv materiallarına əsasən kənd camaatının 1919-cu il oktyabrın 5-dəki toplanışının hökmündə deyilirdi: “Biz, Tiflis quberniyası, Borçalı qəzası, Kəpənəkçi icması, Kəpənəkçi kəndinin aşağıda imza edən sakinləri, Gürcüstan Respublikası müsəlman məkktəbləri inspektoru cənab Əlizadənin iştirakı ilə ümumi toplanışa yığılaraq, kəndimizdə hamılıqla təhsilin tətbiqinin gərəkliliyi məsələsini hərtərəfli müzakirə edib yekdilliklə qərara gəldik.
Bu hökmü 198 nəfər imzalamışdır.
1919-1920-ci tədris ilində Bolus – Kəpənkçi ibtidai məktəbində 22 şagird oxuyurdu. Bunların hamısı oğlanlar idi. Həmin tədris ilində məktəbdə Yusif Əfəndi dərs deyirdi.
1919-cu ilin oktyabrından Tiflisdə azərbaycan dilində pedaqoji kursun məzunu Kərim İsmayılov məktəbə müəllim təyin edilir.
1920-1921-ci tədris ilində məktəbdə Mustafa Qazızadə (Veysəlzadə - Əfəndiyev) müəllimlik etmiş, 1923-cü ildə müdir təyin edilmişdir. Həmin ildə məktəbdə 40 şagird təhsil alırdı.
Məktəbdə əsas vəzifə şagirdlərə oxumaq, yazmaq, təbiətlə tanışlıq, hesab vərdişləri, iş və sağlamlıq vərdişləri aşılamaqdan ibarət idi.
1938-ci ildə Bolus-Kəpənəkçi məktəbi natamam orta məktəb statusu qazanır. Əvvəlcə Adil müəllim (Qazaxlı), sonra isə Ayvazov Cəlal ( Arıxlı) müdirlik edir. Ondan sonra isə
1943-1946 Sadıqov Mamed (Tiflis)
1947-1954 Gülməmmədov Hacımurad
1954-1955 Veysəlov Mikayıl
1955-1957 Nəbiyev Kərəm (Arıxlı)
məktəbin direktoru işləmişlər.
1956-1957-ci tədris ilində məktəbə orta məktəb statusu verilir. 1957-1961-ci illərdə Acalov Rəşid, 1961-1963-cü illərdə isə Bəkirov İbrahim direktor olur.
1962-ci ildə kəndin yuxarı tərəfində yeni ikimərtəbəli çoxsinifli məktəb binası tikilir. 1963/64 tədris ilində Kəpənəkçi əsas məktəbin 4-cü sinifdən yuxarı bütün şagirdləri yeni tikilmiş orta məktəbə köçürülür.
Həmin tədris ilində 10-illik məktəb 11-illiyə çevrildiyindən 1963/1964 tədris ilində buraxılış sinif olmur. Bu orta məktəbin ilk direktoru Allahverdiyev (Göyüşov) Novruz müəllim (1962-1966) işləmişdir. Sonrakı illərdə müxtəlif müəllimlər direktorluq etmişlər:
1966-1971 Yaqubov Rəşid
1971-1976 Hüseynova Şəfiqə
1976-1987 İsmayılov Məsim
1987-1994 Dəleyibov İsmayıl
1994-2015 Məmmədov Zakir
2016 - davam edir Sərdarov Ziyadxan
Köhnə binada yerləşən Kəpənəkçi orta məktəbinin 1962-ci il buraxılışı:
1963-cü il son buraxılışı isə:
olmuşdur.
Yeni tikilmiş orta məktəbdə isə 1963/64 tədris ili elə tədris ilidir ki, həmin il 11-illik təhsilə keçməklə bağlı buraxılış olmayıb. 1964/65 tədris ilində məktəbi aşağıdakı şagirdlər bitirmişdir (ilk buraxılış):
Köhnə binada qalan dördillik məktəb 1991-ci ildə 8-illik natamam məktəb, 1984-cü ildə isə orta məktəb statusu alır. 1979-1980-ci illərdə yeni 3 mərtəbəli çoxsinifli bina tikilir. 1993-cü ilin avqust ayından məktəb yenidən natamam orta məktəbə (9 illik) çevrilir. 2007-ci ildə məktəb direktor və müəllimlərin səyi nəticəsində yenidən tam orta məktəbə çevrilir, 2 №-li orta məktəb olur və 2010-cu ildə ilk buraxılışı (həmin dövrdə təhsil müddəti 12 illik idi):
Kəpənəkçi əsas məktəbinin (sonralar 2 №-li orta məktəb) direktorları:
1964-1966 Məmmədov Təhməz
1966-1986 Acalov İsrafil
1986-1994 İsmayılov Məsim
1994- davam edir Göyüşov Hidayət.
Bir məlumatı da nəzərinizə çatdırmaq istərdim. Belə ki, Kəpənəkçidə 1 №-li və 2 №-li orta məktəblə birlikdə Talıblı və Qaş Məhlə və Ağalıq məktəbləri də fəaliyyət göstərmişlər. Bu məktəblər 1964-cü ilin yanvarında açılmış və 2005-ci ildə Ağalıq məktəbi 1 №-li orta məktəbə, Talıblı və Qaş Məhlə məktəbləri 2 №-li orta məktəbə birləşdirilmişdir.
Hazırladı: Hidayət Göyüşov
Kəpənəkçi 2 №-li orta məktəbin direktoru
Hidayət müəllim haqqında ətraflı məlumat linkdə:
https://kepenekci.org/az/view/484/20/kendimizin_qabaqcil_muellimleri_hidayet_letif_oglu_goyusov