17.07.2021
QARA NƏR (I variant)
“Qara nər” dediyimiz ojaxdı. Orda ojax yeri varıymış. Bir dəfə ojax yananda içinnən bir yekə qara nər çıxır. Ora ziyarət olur. Adına da Qara nər deyillər. Sonra buraya marallar dadanır. Hər gün gəlirmiş. Həmən Ocaxıllıda bir arvad olur. Bu gedif maralları sağırmış, südünü də öyə gətirirmiş. Gejə hamı yatannan sonra gedif danüzü tezdən qayıdırmış. Bir dəfə arvad qayıdanda kişi bilir. Deyir, paltarın höyüşdü, hardıydın? Arvad deyir ki, belə-belə. Kişi bir vaxt buna inanmır, deyir gərək gözümnən görəm. Genə bir gejə arvad gedəndə kişi də duruf bunun dalıncax gedir. Görür ki, arvad gəlif maralları sağır. Savax soruşur arvad, bu süd hardandı? Deyir, öz malımızdan. Kişi heç nə demir. O bir gün genə duruf arvadın dalıncax gedir. Gəlif görür ki, arvad genə maralları sağır. Arvad kişinin gəldiyini bilir, əyağə durur. Deyir, a kişi, a öyün yıxılsın, niyə gəldin? Demədimmi marala görühmə? Kişi dedi, nədi ki? Arvad dedi, bir o yana bax. Kişi geri çöyrüldü ki, nə, arvad – bir marala dönüf getdi.
QARA NƏR (II variant)
Kəpənəkçi kəndində Qaranər deyilən bir ziyarət var. Qaranər ləqəbli həmən kəndin nüfuzlu bir ağsaqqalı olmuş, ölənnən sonra orda dəfn eləmişlər. Onun qəbri üstündə gümbəz var. Daha doğrusu, qəbir ev kimi bir dam içərisindədi. Deyillər, həmən kişi əslini tanımadığı bir qızla evlənir. Bunnarın uşaqları olmur. 19 Bir vaxt Qaranər baxır ki, arvadı gecələr öydən çıxıf səhərə yaxın qayıdır. Səbəbini soruşanda arvadı “heç bunu xəbər alma” deyir. Gecənin birində kişi görür ki, arvadı öydən çıxıf getdi. O da qalxıf dalınca gedir. Baxır ki, təpəlikdə bir sürü maral durur, arvadı da onnarı sağır. Arvad ərini görən kimi maral olur, marallara qoşuluf gedir. Kişi irəhmətə gedəndə onu gümbəzdə dəfn eliyirlər. O vaxtdan bəri kəndin camahatı bir maralın həmin gümbəzin yanına gəldiyini söyləyirlər. Bu maral bir dəfə görünüfdü. Əhvalat belə oluf. Kənd camahatı görüf ki, maral bir neçə dəfə gümbəzin yanında görünür. Bir dəfə itlər kəndin yaxınlığınnan onu qovurlar. Bir gün gedirlər ki, maral Qaranərin qəbri yanında uzanıf ağlıyır. Özü də heç kəsdən qaçmır. Camahatın üzünə baxır. Maralın tamaşasına hər tərəfdən adamlar gəlir. Maralda heç bir yara yoxuymuş. Həmən yerə bir xalça salırlar. Maral qalxıf həmən xalçanın üstünə uzanır. Heç kəs ona toxunmur. Üç gün elə qalır, sonra maral ölür. Kənd camahatı, Qaranərin qohumları maralı el adətiynən dəfn eliyirlər. Belə deyirlər ki, bu maral həmin arvadın ya özüydü, ya da ki, onun tərəmələrinnəniydi. Ölümünü bilən vaxt gəlif öz istəklisinin yanında canını tapşırıf.
QARA NƏR OCAĞI (III variant)
Niqoy dağınının ətəyində safalı bir bulax var. Vəli kişinin nənə-babası özünün dörd qardaşıynan burya binə düşürlər. Vəli kişinin bavası kasıf bir şəxs olduğundan mal-qara saxlıyırmış. Kişi hər gün mal-qaranı çölə aparıf, axşamlar öyə 20 dönərmiş. Arvadı da eltiləriynən birrikdə Niqoy dağının ətəyindəki bulağa su gətirməyə gedərmiş. Dörd eltinin dördü də cüt gedər, ancax geri üçü qayıdar, biri orda qalarmış. Həmin bu qarı Vəli bavanın nəvəsiymiş. Bir ay belə bunnar suya gedər, eltinin üçü qayıdar, biri sonra gələrmiş. Bu zaman onun gözünə qeybdən maral sürüləri, çoxlu mal-qara, qoyunquzu görünərmiş. Arvad bunnara qoşuluf kömək eliyərmiş. Bunu bir ay belə görən eltiləri şübhələnirlər. Əhvalatı onun ərinə xəvər verirlər ki, biz dördümüz bir yerdə suya gedirik, ancax üçümüz geri qayıdırıx. Sənin arvadın bizi irəli göndərir, özü sonra dözmür, ana südü istiyir, hey ağlıyır. Bunu belə görən kişi arvadını izləməyə başdıyır. Günnərin bir günü eltilər genə suya gedəndə kişi bunnarın dalınca gedif bir ağacın arxasında gizdənir. Bir də gördü ki, üç elti üçü də suyu dolduruf getdilər, ancax bu arvad orda qaldı. Arvadın qeybdən gözünə görünən şeylər kişinin də gözünə görünür, kişi görür ki, maral sürüləri, mal-qara gəldi. Arvadı adamlarnan birlikdə yuxa yaymağa, halva çalmağa başdadı. Bu vaxt qəfildən arvadı görür ki, əri ağacın dibində onu pusur. Arvad geri dönüf ərinə belə deyir: “Öyün yıxılsın, öyümü niyə yıxdın. Məni niyə pusursan, məni nə qədər günaha batırdın!” Kişi bu işdərə mətəl qalıf arvadının üzünə baxır, arvad əlində çaldığı halvadan bir çay qaşığı ərinə verif deyir: “Bunu apar qırx gün o körpə uşağa yedizdir”. Yanan ojağın külünnən də bir ovuc verir ki, bu külü apar saxla. Bu ojax oluf səni dolandırajax. Bu sözləri deyif arvad qeybə çəkilir. Kişi qeybdən mal-qaranın, buzoyların, maralların, qoyun-quzunun mələşməsini eşidir. Bir azdan sonra kişi özünə gəlir, görür ki, arvad qeybə çəkilib. Maral sürüsünə qoşuluf 21 gedif. Xeyli peşimançılıqdan sonra əhvalatı hamıya xəvər verir. Sonra arvadın verdiyi halvayı qırx gün uşağa yedizdirir. Bir ovuc külü də gətirib dəyənin aynına tökür. Bu zaman görür ki, kül özbaşına yanmağa başlayır. Bunu eşidən kənd camahatı qocaya deyir ki, sən bu külü gətir evin yanında yerə tök. Qoja külü gətirir evin yanına. Ocağın adına Qaranər deyirlər. Çünki Vəli babaya yuxusunda deyirlər ki, ojağın adını Qaranər qoyun. Deyilənə görə, qeybə çəkilmiş qadın Maral sürüləri ilə birlikdə gəlif oranı ziyarət eliyif, gənə də qeybə çəkilirmiş.