19.05.2021
Ziyadxan Budaq (Ziyadxan Qurban oğlu Budaqov) 1957-ci il fevralın 20-də qədim Borçalı mahalında, Gürcüstanın Bolnisi rayonundakı Kəpənəkçi kəndində anadan olmuşdur. Orta təhsilini yaşadığı kənddə, 1973-cü ildə başa vurmuşdur.
1974-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsində oxumuşdur. İlk əmək fəaliyyətinə doğma kəndindəki 8 illik məktəbdə başlamış və müəllim işləmişdir. O, 1987-1989-cu illərdə Bolnisi Rayon Xalq Təhsili Şöbəsində metodist işləmişdir.
1989-cu ildə ailəsiylə Bakı şəhərinə köçmüşdür. 1990-cı ildə "Fəhlə yolu" çoxtirajlı qəzetinin redaksiyasında, 1991-1992-ci illərdə isə "Sirlər xəzinəsi" qəzetində xüsusi müxbir işləmişdir.
Ziyadxan Budaq 2000-ci ilin sentyabr ayında Bakıda, Binəqədi rayonunda 30 saylı orta məktəbə tarix müəllimi təyin olunmuş, 2001-ci ilin yanvar ayından isə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyətini davam etdirmişdir. 2009-2016-cı illərdə Bakı şəhəri üzrə Təhsil idarəsində işləmişdir. “Qızıl Qələm” və “Araz” Ali Media Mükafatları laureatıdır. O , 2012-ci ildə “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomuna layiq görülmüşdür.
İndiyədək onun “Sabaha uzanan əllər” (2002), “Saz üstündə” (2005), “Yel dağında qalan izlər” (2010), “Könlümün dedikləri” (2011), “ Mən elə bağlıyam” (2014), “Bir ömrün zirvə yolu” (2011), “Çiçək yağışı” (2017), “Talelər” (2018), “Zamanın sorağında" (2018) adlı on şeirlər kitabının və “Bir kəndin naxışları” (2014) kitabının müəllifidir.